Hövzə Xəbər Agentliyinin Yəzd şəhəri üzrə müxbirinin verdiyi məlumata görə, ölkənin təhsil və tərbiyə rəhbərlərinin 39-cu toplantısı yeni tədris ilinin başlanması ərəfəsində bu gün, 16 avqust 2026-cı il, bazar günü, səhər saatlarında Tehrandakı şəhid Bahünər düşərgəsində işə başlayıb. Toplantıda təhsil və tərbiyə sisteminin mindən çox mərkəzi idarəetmə əməkdaşı, vilayətlərin təhsil və tərbiyə üzrə məsul şəxsləri və təhsil dairələrinin rəhbərləri iştirak edib. Tədbir vilayətlərin təhsil və tərbiyə baş direktorlarının, tabeli qurumların rəhbərləri və habelə direktorlar şurasının, eləcə də vilayət mərkəzlərindəki təhsil dairələri və şöbələrinin rəhbərlərinin həm əyani, həm də onlayn formatda iştirakı ilə keçirilir.
Bu toplantı təhsil və tərbiyə sisteminin müxtəlif idarəetmə səviyyələri arasında əməkdaşlığın və fikir mübadiləsinin gücləndirilməsi, həmçinin ölkənin təhsil və tərbiyə sisteminin ən mühüm problemləri və prioritetlərinin müzakirəsi üçün bir fürsət hesab olunur.
Bu ilki toplantının “İran üçün, məktəb üçün həmrəylik dastanı” şüarı təhsil və tərbiyə sisteminin məqsədlərinin həyata keçirilməsində bu sahənin bütün əməkdaşları arasında həmrəyliyin və qarşılıqlı dəstəyin rolunu ön plana çıxarır. Bu yanaşmanın yalnız şüar səviyyəsində qalmaması, proqram və icra tədbirləri şəklində məktəblərdə və praktiki fəaliyyət sahəsində özünü göstərməsi nəzərdə tutulur.
Həzrət Ayətullah üzma Məkarim Şirazi ölkənin rəhsil və tərbiyə rəhbərlərinin 39-cu toplantısının keçirilməsi münasibətilə aşağıdakı məzmunda müraciət ünvanlayıb:
Bağışlayan və mehriban Allahın adı ilə
"لَقَدْ مَنَّ اللَّهُ عَلَی الْمُؤْمِنِینَ إِذْ بَعَثَ فِیهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ یَتْلُو عَلَیْهِمْ آیَاتِهِ وَیُزَکِّیهِمْ وَیُعَلِّمُهُمُ الْکِتَابَ وَالْحِکْمَةَ وَإِنْ کَانُوا مِنْ قَبْلُ لَفِی ضَلَالٍ مُبِینٍ."
“Şübhəsiz ki, Allah möminlərə, öz içlərindən onlara (Allahın) ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərməklə lütf etmişdir. Halbuki daha əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.” (Ali İmran surəsi, 164-cü ayə)
Sözün əvvəlində bu dəyərli toplantının bütün məsul şəxslərinə və təşkilatçılarına səmimi təşəkkürümü və minnətdarlığımı bildirməyi vacib hesab edirəm. Ümidvaram ki, bu toplantı qarşıya qoyulmuş məqsədlərə çatmaqda uğurlu olacaq, ölkəmizin övladlarının istedadlarının inkişaf etdirilməsi, eləcə də təhsil və tərbiyə sisteminin yüksəldilməsi istiqamətində təsirli bir addım atacaqdır.
Qurani-Kərim təhsil və tərbiyə haqqında çoxsaylı məsələlərə toxunur. Uca Allah təlim və tərbiyəni ilahi peyğəmbərlərin göndərilməsinin əsas məqsədlərindən biri kimi müəyyənləşdirib və insanı azğınlıq və yolunu azmaq vadisindən hidayət və səadət nuruna yönəltdiyi üçün bu böyük nemətə görə möminlərə Öz minnətini bildirmişdir.
Bu mühüm məsələ müəyyən yaş dövrü, konkret şəhər və ya bölgə, yaxud müəyyən qrup və təbəqə ilə məhdudlaşmır. Əksinə, əziz İslam dini daim öz ardıcıllarını təlimə, tərbiyəyə və mənəvi saflaşmaya çağırıb və bunları insanın nicat tapmasının vasitələrindən hesab edib. Necə ki, uca Allah buyurur:
“قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا”
“Nəfsini saflaşdıran kəs, həqiqətən, nicat tapmışdır.” (Şəms surəsi, 9-cu ayə)
Bununla belə, gənc və yeniyetmə nəslin tərbiyəsi və təliminə xüsusi diqqət yetirilir. Necə ki, İmam Sadiq (ə) buyurur:
“عَلَيْكُمْ بِالْأَحْدَاثِ فَإِنَّهُمْ أَسْرَعُ إِلَى كُلِّ خَيْرٍ”
“Gənclərə diqqət yetirin. Çünki onlar hər bir xeyirə daha tez yönəlirlər.”
Şübhəsiz, təhsilin müxtəlif pillələrində təlim və tərbiyə məsələsinə ciddi diqqət yetirilməsi, şagirdlərin istedadlarının inkişafı və üzə çıxması üçün şəraitin yaradılması İslam vətəninin parlaq gələcəyinə və daha yaxşı sabahına zəmanət verən əsas amillərdəndir. Bu mühüm məsələnin həyata keçirilməsi isə öz işinə bağlı rəhbərlərin, fədakar müəllimlərin, hörmətli valideynlərin və proqram hazırlayan şəxslərin qarşılıqlı əməkdaşlığı, koordinasiyası və səylərinin birləşdirilməsindən asılıdır.
Əgər ölkəmizin abadlığını, müstəqilliyini və izzətini istəyir, onun tərəqqi və inkişafını arzulayırıqsa, məsul şəxslər ilk növbədə dəqiq, hərtərəfli və gələcəyə hesablanmış planlaşdırma aparmalı və saf İslam düşüncəsinə əsaslanaraq gələcəyin aydın mənzərəsini müəyyənləşdirməlidirlər. Daha sonra bu dəyərli nəslin qarşılaşdığı imkanlar, problemlər və təhlükələr, xüsusilə də sürətlə və geniş şəkildə inkişaf edən müasir texnologiyalar, başda virtual məkan və süni intellekt olmaqla, düzgün şəkildə müəyyən edilməli və onların idarə olunması və nəzarətdə saxlanılması istiqamətində addımlar atılmalıdır. Həmçinin ailə ilə məktəb arasındakı əlaqənin daha da gücləndirilməsi zəruridir; çünki bu iki qurum bir-birini tamamlayır və cəmiyyətin övladlarının təlim və tərbiyəsində iki əsas dayağı təşkil edir.
Bu baxımdan, əziz müəllimlərin şagirdlərin tərbiyəsi, mənəvi saflaşması və həmçinin səmərəli təhsili ilə bağlı motivasiya və həvəsi də gücləndirilməlidir. Bu fədakar təbəqənin qayğı və problemlərinin azaldılması ilə məktəb mühitinin daha dinamik, canlı və inkişafyönümlü olması üçün şərait yaradılmalıdır.
Əlbəttə, İranın tarixi, eləcə də son illərin təcrübəsi, xüsusilə düşmənlərin müxtəlif planları qarşısında bu torpağın dindar və əqidəli xalqının göstərdiyi müqavimət və dayanıqlıq aydın şəkildə göstərib ki, gənclərin və yeniyetmələrin dini və etiqadi əsaslarının gücləndirilməsi bu xalqın qələbəsi və başıuca olmasının ən mühüm amillərindən biri olub. Buna görə də bu mühüm məsələ təlim və tərbiyə proqramlarının əsas prioritetləri sırasına daxil edilməlidir.
Mən bir daha ölkənin təhsil və tərbiyə sisteminin bütün məsul şəxslərinə və rəhbərlərinə, xüsusilə də öz işinə bağlı və fədakar müəllimlərə səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm. Həmçinin bu toplantının keçirilməsində əməyi olan bütün şəxslərə və iştirakçılara öz təşəkkürümü çatdırıram.
Uca Allahdan sizin hər biriniz üçün davamlı uğurlar diləyirəm və ümidvaram ki, Allahın lütfü ilə İran İslam Respublikasının düşmənləri və bədxahlarının məhv olması ilə bu torpaqda əmin-amanlığın, təhlükəsizliyin və başıucalığın daha da möhkəmləndiyinin şahidi olacağıq.
Allahın rəhmət və bərəkəti sizin üzərinizə olsun
Xəbərin sonu / 313/47
Rəyiniz